Haqqımda


Əli Kərimli (Ali Karimli)


28.04.1965-ci ildə anadan olub. 1983-85-ci illərdə Sovet Ordusunun  Daxili Qoşunlarının Xüsusi Təyinatlı hissəsində hərbi xidmətdə olub, 1986-91-ci illərdə isə BDU-nun hüquq fakultəsində təhsil alıb.

1987-ci ildə Yurd birliyinin qurucularından, 1989-da AXC Universitet şöbəsinin  təsisçilərindən biri olmuş və sədri seçilmişdir.

1991-ci ildən BDU-nun hüquq fakultəsində müəllim, eyni zamanda Azadlıq qəzetində parlament müxbiri işləmişdir. 1992-də  Prezident aparatında Ərazi İdarəetmə Orqanları İlə İş Şöbəsinin müdüri təyin olunmuşdur. AXC Ali Məclisinin Sədr Müavini seçilən Əli Kərimli, 1993-də mərhum prezident Əbülfəz Elçibəy tərəfindən Dövlət Katibi təyin olunmuşdur.

İyun qiyamından sonra iyun ayının 28-də mətbuat konfransında Heydər Əliyevin hakimiyyətə qiyam yolu ilə gəldiyini bəyan edərək Dövlət Katibi kimi fəaliyyətinə xitam vermişdir.

1994-cü ildə AXC Sədrinin siyasi məsələlər üzrə müavini təyin olunmuşdur. 1995-ci ildə AXCP Sədri Əbülfəz Elçibəy tərəfindən AXCP Sədrinin 1-ci müavini təyin olunmuş, 1997-ci ildə Əbülfəz Elçibəy Bakıya qayıdana qədər onun səlahiyyətlərini də Bakıda həyata keçirmişdir.

2000-ci ildə AXCP Sədri Əbülfəz Elçibəy vəfat etdikdən sonra qurultaya qədər AXCP Sədri vəzifəsini müvəqqəti olaraq həyata keçirmişdir.

1995-2005-ci illərdə  Millət Vəkili olmuşdur.

2001-ci ildə AXCP Sədri seçilmiş və hal-hazırda da bu vəzifəni həyata keçirməkdədir.
Ailəlidir, iki övladı var.