Həqiqət günəşi parlayacaqdır…

Üz-üzə durub, bir-birilə sərt mübarizə aparan bu iki tərəfdәki fərqli ovqata baxıb, siz özünüz asanlıqla müəyyən edə bilərsiniz ki, onların arasındakı mübarizə necə bitəcək. Tərəflərdən biri rejimdir. Rejimin başçısı İlham Əliyev guya 700 min üzvü olan iqtidar partiyasının sədridir. İlham Əliyev ailəsinin əlində ağlagəlməz sərvət toplayıb, hakimiyyətin bütün qolları, ölkədəki bütün silahlı qüvvələr onun əmrindədir. Bundan əlavə dövlət resursaları və nəhəng media imperiyası da onun sərəncamındadır. İlham Əliyev 15 ildir ki, ölkəni Heydər Əliyev şəxsiyyətinə pərəstişə sövq edir. Heydər Əliyevin adına olan parklar, küçələr, mərkəzlər, muzeylər, abidələr saymaqla qurtarmaz. Baxın, bu qədər gücün İlham Əliyevin əlində cəmləşdiyi, özünün də dövlət başçısı olduğu bir vaxtda Heydər Əliyevin 95 illiyi Milli Məclisdə müzakirə olunub. Həmin müzakirələr vaxtı parlamentin vitse-spikeri Bahar Muradova iqtidar düşərgəsindəki ovqatı anlamaqda bizim üçün açar olacaq sözlər işlədib. Bahar Muradova Heydər Əliyev haqda Zahid Oruc və Siyavuş Novruzovdan başqa heç kimin danışmaq istəmədiyini görüncə susqun deputatlara tənə ilə sual ünvanlayıb: "Nədən çəkindiniz, sosial şəbəkələrdənmi?"
Bugünlərdə isə digər YAP funksioneri, deputat Siyavuş Novruzov formal olaraq onunla bir düşərgədə olan deputat həmkarlarına sərt etiraz edib. O da həmkarlarını susqunluqda ittiham edərək deyib: "Niyə təkcə mən cavab verməliyəm? Niyə digər deputatlar cavab vermirlər? Ancaq tərif olanda hamısı növbəyə dayanır. Axı nə qədər müraciət etmək olar ki, susmayın, mövqeyinizi ortaya qoyun".
Dostlar, bu sitatlardan iqtidar düşərgəsindəki ovqat aydın oldumu? Əmin oldunuzmu ki, hətta guya iqtidarda təmsil olunanlar belə təzyiq olmasa, rejimin lehinə danışıb, özünü ictimai rəyin hədəfinə gətirmək istəmir?
İndi isə əks düşərgəyə baxaq. AXCP-nin siyasi məhbuslarının sayı artıq 15 nəfərə çatıb. Son il yarım ərzində təkcə mitinqlərin təşkilinə görə 80 nəfər AXCP üzvü inzibati qaydada həbs olunub, 30 nəfərdən artıq partiya funksioneri işdən çıxarılıb. Mən hələ polisə çağırılıb hədələnən fəalları demirəm. Gərək onların da vahid siyahısını hazırlayaq. Ancaq söhbət təqribən 500-600 nəfərdən gedir. Şəxsən mənə olan təzyiqləri, partiyanın qərargahının qapısının qaynaq edilməsini, icarəyə götürdüyü ofisin isə partladıldığını da bilirsiniz. Rejimin AXCP-yə, Milli Şuraya düşməncəsinə yanaşdığını da bilirsiniz. Və belə bir vaxtda rejim AXCP-yə qarşı repressiyaların yeni dalğasını başlayıb. Son 10-15 gündə daha 5 nəfər AXCP üzvü narkotiklə şərlənib, həbs olunub. Tam bu günlərdə məlum olub ki, siyasi məhbus həyatı yaşayan AXCP üzvlərindən iki nəfərin həyatına real təhlükə var. Elnur Fərəcov xərçəng xəstəsidir. Mirfeyzulla Seyidovun isə hər iki böyrəyi funksiyasını itirib, dializ aparatı hesabına yaşayır. Üstəlik bu arada o da məlum olub ki, rejim AXC veteranı, Əbülfəz Elçibəy hökumətində Gedəbəy rayonunun icra hakimiyyəti başçısı Saleh Rüstəmlini həbs edərək, işgəncə ilə ondan AXCP-yə qarşı yalan ifadələr alıb.
Belə bir vəziyyətdə iqtidarın məntiqi ilə AXCP-də indi qorxu, özünü qoruma hissi hakim olmalıydı. Zarafat deyil, günahsız adamları şərləyib, tuturlar, ağır xəstələrə də güzəşt etmirlər, hələ yeni-yeni işlər də başlayırlar. Bəs cəbhəçilər necə qarşıladı bu yeni repressiya dalğasını? Yenilməz bir mərdliklə, gizlənmədən, gülə-gülə. Yüzlərlə, bəlkə də minlərlə cəbhəçi sosial şəbəklərdə #menitut xəstə məhbus dostlarımızı azad et! kampaniyası başlatdılar.
Dostlar, siz bu iki düşərgədəki fərqli ovqatı gördünüzmü? 21-ci əsrdə aparılan hər cür siyasi mübarizənin, hətta savaşların belə yekun taleyini tərəflərin ovqatı, əhval-ruhiyyəsi, özgüvəni müəyyən edir. Ona görə əmin olun, Əliyevlər rejimilə aparılan uzunmüddətli mübarizə əlbəttə ki, bir gün oğruların, susqunların, Əliyev kultuna sığınıb, əbədi ailə hakimiyyəti qurmaq istəyənlərin deyil, cümhuriyyət dəyərlərinə inanan, Rəsulzadə yolunun davamçısı olan, ləyaqət uğrunda mərdliklə mübarizə aparan, cəsur vətənsevərlərin qələbəsilə nəticələnəcək! Cümhuriyyətimizin qurucusu, gerçək Milli liderimizin dediyi kimi “Həqiqət günəşi parlayacaqdır… Şübhə etməyiniz, əziz vətəndaşlar!”